“Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalın ilk nömrəsi nəşr olunub
Bakı, 19 may, AZƏRTAC
Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk nömrəsi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş redaktoru və təsisçisi Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli olan jurnalın redaksiya heyətində Çinin, Rusiyanın, Ukraynanın akademik qurumları və alimləri təmsil olunur. Yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan jurnalın ilk nömrəsində elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.
Elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı (AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının, elmi nailiyyətlərinin təsviri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.
Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrdən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, dünya təcrübəsinin öyrənilməsi, yerli və xarici ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması və mübadilə aparılmasıdır.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur.
Qeyd edək ki, “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı ilk nömrəsindən etibarən Almaniyanın “Advanced Sciences Index” (İnkişaf etmiş elmlər indeksi) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilib və qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib. Elmi məcmuə “Advanced Sciences Index”də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və beynəlxalq xülasələndirməsi olan bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.