Elmi konfrans: Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı” mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, cəmiyyət həyatının müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər Heydər Əliyev çoxşaxəli tərəqqiyə əsaslanmış proseslərdə məhz gənclərin roluna xüsusi önəm verib.
Qeyd edilib ki, Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb. Azərbaycan gənclərinin birinci forumunda bu barədə danışan ölkə rəhbəri deyib: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur”.
A.Eminov bildirib ki, həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərir. Ulu öndər Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirlər.
Universitetin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev tədbirin əhəmiyyətindən, ölkəmizdə qeyri-neft sektorunun inkişafına dövlət qayğısından danışıblar.
Müxtəlif təhsil və sənaye müəssisələrinin nümayəndələrinin iştirak etdiyi konfransa təqdim olunan məqalələr beş bölmə üzrə dinlənilib və müzakirə olunub.