Elmi sessiya: Klassik Azərbaycan ədəbiyyatında gənclik
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Klassik Azərbaycan ədəbiyyatında gənclik mövzusu” adlı elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə Azərbaycan Gəncləri Gününün əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu bildirilib. Qeyd olunub ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib və Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmanla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşünə malik yeni nəsil yetişməkdədir.
Vurğulanıb ki, gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xətt Azərbaycan gəncliyinin cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol oynayır.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası sədrinin müavini, dosent Eşqanə Babayeva, Ədəbiyyat Muzeyinin doktorantları Natavan Bağırova və Fatimə Süleymanova dövlət gənclər siyasətinin bugünkü uğurlarından danışıb, bu sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən müxtəlif fərman və sərəncamların imzalandığını bildiriblər. Qeyd edilib ki, bu gün ölkəmizdə gənclərin öz potensiallarını reallaşdırması üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncliyi elmlə yanaşı, müxtəlif sahələrin inkişafında uğurla iştirak edir. Ölkənin ictimai, siyasi, elmi, mədəni həyatında keçirilən tədbirlərdə gənclər öz fəallıqları ilə xüsusi seçilir.
Sonra elmi və ictimai fəaliyyətlərinə görə fərqlənən muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinə sertifikatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası tələbələri və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” vokal qrupunun üzvləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.