CƏMİYYƏT
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibbi laboratoriyaları yenidən təşkil olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16652188665809717545_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665218866382219482_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652188665734340973_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665218866743245982_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652188666119219577_1200x630.jpg)
Bakı, 8 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində növbəti tibb müəssisəsinin - akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibbi laboratoriyaları yenidən təşkil olunub.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 24 saat xidmət göstərəcək laboratoriya müasir zəruri avadanlıqlarla təchiz olunub. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçiriləcək. Bu isə xəstəliklərin vaxtında aşkar olunmasına imkan yaradacaq.
Təcili tibbi yardım, Stasionar və Reanimasiya şöbələrində müalicə alan xəstələrə vaxtında tibbi xidmətin göstərilə bilməsi üçün instrumental müayinələrlə yanaşı, müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də artıq həyata keçirilir.
Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya bölmələri fəaliyyətə başlayıb. Pre-analitik, analitik, post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil olunmuş laboratoriyanın fəaliyyəti beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.
Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, sözügedən laboratoriya “Mindray”, “Nüve” , “Beckman AU 480”, “Beckman coulter access 2 immunassay” kimi tanınan xarici şirkətlərin tam avtomatlaşdırılan biokimyəvi, hemotoloji, immunoloji və digər sistemləri ilə təchiz olunub.
Laboratoriyada keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunub. Avtomatlaşdırılan sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazırolma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılan test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.