Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan etmişdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ölkə alimlərinin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə (beynəlxalq və regional konfrans, simpozium və seminarlarda) şifahi məruzələrlə çıxış etmək, ixtisasartırma məqsədilə qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni elmi əlaqələrin qurulması imkanı yaratmaq üçün qrantların verilməsi üzrə 2013-cü ildə növbəti- üçüncü “Mobillik qrantı” müsabiqəsini elan etmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, maliyyə həcmi 10 min manatadək olan qrantların verilməsini nəzərdə tutan müsabiqənin ümumi maliyyələşdirilmə həcmi yüz min manatdır.
Müsabiqəyə 2013-cü il dekabrın 1-dən 2014-cü il martın 30-dək xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli (bir ayadək) elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyənlərin ərizələri qəbul olunur. Ərizələrin qəbulu sentyabrın 3-dən oktyabrın 4-dək aparılacaqdır. Müsabiqənin nəticələri oktyabrın sonunda açıqlanacaqdır.
“Mobillik qrantı” müsabiqəsi 2013-cü ilin əvvəlində təsis edilmişdir. Artıq bu istiqamətdə iki müsabiqə keçirilmişdir. Ümumi maliyyələşdirilmə həcmi 49.600 manat olan birinci müsabiqə çərçivəsində 15 layihə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika, Polimer Materialları, Tarix, Coğrafiya, Geologiya, Botanika institutlarından və Mərkəzi Nəbatat Bağından, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasından alim və mütəxəssislər İsveç, İspaniya, Şotlandiya, İngiltərə, Bolqarıstan, Belarus və Türkiyədə keçirilmiş yüksək səviyyəli səkkiz elmi tədbirdə, eləcə də Almaniya, Hollandiya, İngiltərə və Rusiyada ixtisasartırma məqsədilə yeddi qısamüddətli təcrübəkeçmədə iştirak etmişlər.
İkinci müsabiqə üzrə ümumi maliyyələşdirilmə məbləği 67.200 manat olan 13 qalib layihə müəyyənləşdirilmişdir. Bu layihələr çərçivəsində alimlər Koreya Respublikası, İtaliya, Çex Respublikası, Rusiya, Ukrayna və Türkiyədə 11 elmi təcrübəartırma kursunda iştirak edəcəklər. İki layihə üzrə isə Avstriya və Rusiyada keçiriləcək beynəlxalq konfranslarda Azərbaycan da təmsil olunacaqdır. Həmin layihələr AMEA-nın Geologiya, Zoologiya, Mikrobiologiya institutlarını, Şamaxı Astrofizika Rəsədxanasını, Azərbaycan Tibb Universitetini, Bakı Dövlət Universitetini, Bakı Slavyan Universitetini və Azərbaycan Dövlət Pedaqoji Universitetini əhatə edir.
Statistika göstərir ki, “Mobillik qrantı” müsabiqələrində gənc alimlər daha fəal iştirak edirlər. Birinci müsabiqədə elmi tədbirlərdə iştirak tipli layihələr üstünlük təşkil etdiyi halda, ikinci müsabiqədə layihələrin əksəriyyəti təcrübəartırma xarakterli olmuşdur.
Ümumiyyətlə, ölkədə elmi kadr potensialının formalaşdırılmasında “Mobillik qrantı” müsabiqəsinin xüsusi rolu vardır. Müsabiqənin ildə ən azı üç dəfə elan edilməsi alimlərə daha çox elmi tədbir və təcrübəartırma kurslarında iştirak imkanı yaradır.
Elmin İnkişafı Fondu digər analoji qrantlardan fərqli olaraq nəinki ənənəvi səyahət xərclərini, eyni zamanda, tədbirin qeydiyyatı, viza, sığorta, təcrübəkeçməni təşkil edən qurumlarla bağlı xərcləri də ödəyir.
“Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılara elmi dərəcə, elmi ad, yaş və s. məhdudiyyətlər qoyulmur.