Əlyazmalar İnstitutu ulu öndər Heydər Əliyevin qayğı və diqqəti sayəsində formalaşıb
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ulu öndər Heydər Əliyevin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. Qeyd olunub ki, Ümummilli Lider hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayıb, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaradıb. T.Kərimli Azərbaycanın müstəqillik yolunda ilk kövrək addımlarını atdığı illərdə xarici və daxili təzyiqlərə məruz qaldığını və yalnız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib.
Dahi və müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edən T.Kərimli Əlyazmalar İnstitutunun da məhz onun qayğı və diqqəti sayəsində formalaşdığını bildirib. Bu gün Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzəsində ölkəmizdə elmin və mədəniyyətin inkişafı ilə bağlı Ulu Öndərin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov isə “Əlyazmalar İnstitutunun ən böyük hamisi (Heydər Əliyev)” mövzusunda məruzəsində Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutu kimi fəaliyyət göstərməsində Ulu Öndərin gördüyü işlər barədə məlumat verib. O deyib: “Totalitar sovet rejimində bunu etmək olduqca çətin və mürəkkəb bir iş idi, amma Ümummilli Liderin diqqət və qayğısı sayəsində bu, mümkün oldu”.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin yazılı abidələrimizə diqqət və qayğısından söz açıb.
İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfzadə Ulu Öndərin gənclər siyasəti, onun rəhbərliyi altında təşkil olunan gənclər forumu və digər beynəlxalq tədbirlər haqqında məlumat verib. Tarix elmləri doktoru Tahirə Həsənzadə, professor Raqub Kərimov, aparıcı elmi işçi Yusif Bağırzadə Ümummilli Liderin Azərbaycan elminin və təhsilinin inkişafına diqqət və qayğısından söz açıblar.
Tədbirdə, həmçinin “Heydər Əliyev-95: Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgisi keçirilib.