Əlyazmalar İnstitutunda Gənclər Günü qeyd edilib
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli institut rəhbərliyi tərəfindən gənclərə daim xüsusi diqqət və qayğı göstərildiyini, gənclərin hər zaman bu etimadı doğrultduğunu vurğulayıb.
Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Quliyeva ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən bu bayram gününün tarixi əhəmiyyətindən danışıb. O, ölkəmizdə gənclərlə bağlı imzalanan sərəncamların gənc alimlər üçün böyük imkanlar yaratdığını bildirib.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva Gənc Alim və Mütəxəssislər Şurasının gənclərin qarşısına qoyduğu vəzifələrdən söz açıb. Dosent Əkrəm Həsənov isə Gənc Alim və Mütəxəssislər Şurasının yaranması tarixindən və onun son illər ərzində gördüyü işlərdən danışıb. O, institutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.