Əlyazmalar İnstitutunda konfrans: “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda”
Bakı, 24 aprel, P.İmanova, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 31 mart soyqırımının yüzilliyinə həsr olunan konfransın Prezident İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil edildiyini bildirib. Akademik XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və etnik təmizləmə siyasətindən, soyqırımlardan söz açıb. Bildirilib ki, dövlətimizin başçısının 31 mart soyqırımı ilə bağlı imzaladığı müvafiq Sərəncam bu faciənin sənəd və faktlarla ölkə və dünya ictimaiyyətinə çatdırılmasına böyük təkan verib.
Plenar iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə keçirilən növbəti prezident seçkilərinin uğurla başa çatdığını söyləyib, ənənəvi hal alan konfransın mövzusunun vacibliyini vurğulayıb, müvafiq Sərəncamının 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisi olduğunu deyib. Qeyd edilib ki, bu istiqamətdə ölkəmizdə və AMEA-da müxtəlif tədbir və konfranslar keçirilir, məqalə və kitablar nəşr olunur.
Akademik İ.Həbibbəyli ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlər, soyqırımları, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsində mənfur qonşularımızın törətdikləri vəhşiliklər və digər məsələlərə siyasi qiymət verilməsi ilə yanaşı, elmi qiymətin də verilməsinin vacibliyini vurğulayıb. Bu məsələlərə ilk dəfə obyektiv siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində xalqımız, xüsusən gənclər tarixi gerçəklikləri daha dərindən öyrənə biliblər.
Sonra professorlar Aybəniz Əliyeva Kəngərlinin “Erməni vandalizmi”, Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərdə (Əlyazmalar İnstitutunun materialları əsasında)”, Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, Kamandar Şərifovun “Məhv edilmiş kitabxana”, Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi”, dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində mart soyqırımı faktları” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmələrdə davam etdirib.