Əlyazmalar İnstitutunun əməkdaşları elmi tədqiqatlarını davam etdirirlər
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial təcrid dövründə növbədənkənar məzuniyyət vaxtını dəyərləndirərək elmi tədqiqatlarını əvvəlki templə evdə qalaraq davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr hazırlayırlar. Ərsəyə gələn belə yazılardan biri Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın “Mikayıl Müşfiqin müxəmməsləri” məqaləsidir.
Məqalədə qeyd olunur ki, şairin müxəmməs janrında yazdığı üç şeiri məzmun dolğunluğu, forma mükəmməlliyi ilə diqqəti cəlb edir. Onun “Ölkəm” müxəmməsi nikbin ruhda yazılıb. “Küləklər” şeirində təbiətin bu stixiyası onunla bütün dünya arasında əlaqə yaradan qüvvə kimi tərənnüm olunur. “Teleqraf telləri”ndə dövrün texniki ixtirasından söz açılır.
Beləliklə, Mikayıl Müşfiqin müxəmməs janrında şeirlərində ilkin olaraq nikbinlik, səmimiyyət, yeni dövrün vəsfi diqqəti cəlb edən cəhətlərdir.