Əlyazmalar İnstitutunun əməkdaşları tacik-fars ədəbiyyatına dair beynəlxalq konfransda məruzə ediblər
Bakı, 18 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Tacikistanın Düşənbə şəhərində keçirilmiş “Tacik-fars ədəbiyyatında ilk “Divan” sahibi-Rabiyə Bəlxi” adlı beynəlxalq elmi-nəzəri konfransda əyani və onlayn formatda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tacik-fars klassik ədəbiyyatının ilk qadın şairi Rabiyə Bəlxinin 1050 illik yubileyinə həsr olunan konfransda Tacikistanla yanaşı, Türkiyə, Özbəkistan, Fransa, Pakistan, İran, Əfqanıstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
Tacikistan Milli Kitabxanasında təşkil olunan tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov “Rabiyə Bəlxi və Məhsəti Gəncəvi poeziyasının ortaq və fərqli cəhətləri” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında klassik farsdilli poeziyanın iki görkəmli qadın nümayəndəsinin yaradıcılığını müqayisəli təhlil edərək onların poetik dünyası, janr xüsusiyyətləri, mövzu dairəsi, eləcə də dil və üslub xüsusiyyətləri barədə elmi qənaətlərini təqdim edib.
Qeyd olunub ki, Məhsəti Gəncəvinin yaradıcılığında ictimai-fəlsəfi məzmun, həyatın faniliyi və azadlıq ideyaları geniş yer tutduğu halda, Rabiyə Bəlxinin poeziyasında əsasən fərdi məhəbbət və emosional duyğular ön plana çıxır. Dil və üslub baxımından Rabiyə Bəlxinin şeirləri sadə və emosional ifadə tərzi ilə seçilir, Məhsəti Gəncəvinin yaradıcılığı isə daha aforistik, zərif və bəzən ironik çalarlarla xarakterizə olunur.
Tədbirdə Tacikistan Milli Elmlər Akademiyasının Rudaki adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Fərangis Şərifzoda, Tacikistan Milli Elmlər Akademiyasının prezidenti akademik Xuşvaxtzoda Qobiljon Xuşvaxt, Tacikistan Prezidentinin sosial inkişaf və ictimaiyyətlə əlaqələr üzrə köməkçisinin baş məsləhətçisi Məsrur Abdullozoda və mədəniyyət naziri Matlubaxon Sattoriyon çıxış edərək Rabiyə Bəlxinin ədəbi irsinin qorunması və beynəlxalq səviyyədə təbliğinin əhəmiyyətini vurğulayıblar.
Konfransa onlayn formatda qoşulan institut əməkdaşları da müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Baş elmi işçi dosent Zəkiyyə Əbilova “Əttarın yaradıcılığında Rabiyə adlı iki müqəddəs qadın”, böyük elmi işçi Kəlamə Abbasova “Rabiyə Bəlxinin platonik eşqi”, böyük elmi işçi Xatirə Kərimova isə “Rabiyə Bəlxi və Məhsəti Gəncəvi yaradıcılığında qadın kimliyi və poetik azadlıq” mövzularında məruzə ediblər.
Beynəlxalq elmi-nəzəri konfrans Tacikistan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Rudaki adına Dil və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.