ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun əməkdaşları yeni məqalələr üzərində işləyirlər
![](/files/galleryphoto/2020/2/1200x630/15886663963534428213_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886663961944126756_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri xüsusi karantin rejimində elmi tədqiqatlarını evdə qalaraq davam etdirirlər. Onlar tədqiqat işlərinin nəticələri haqqında elmi məqalələr də hazırlayırlar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, belə yazılardan biri Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Yeganə Rəhnullanın “İslam araşdırmalarında “Əsmaül-hüsna”nın (Allahın gözəl adlarının) yeri” başlıqlı məqaləsidir.
Məqalədə qeyd olunur ki, “Əsmaül-hüsna” Qurani-Kərimin müxtəlif ayələrindən və hədislərdən götürülmüş, Allaha məxsus 99 ən gözəl adı ifadə edən dini termindir. Bu ayə və hədislərdən ilham alan bir çox islam alimləri “Əsmaül-hüsna”nı ilahiyyatın mühüm mövzularından biri kimi tədqiqata cəlb ediblər. Dünya kitabxanalarında bu haqda ərəb, fars, türk və digər dillərdə yazılmış 100-dən çox əsər mövcuddur. Həmin əsərlərin ana xəttində “Əsmaül-hüsna”nın doxsan doqquz olduğunu bildirən məşhur hədis dayanır.
Əlyazmalar İnstitutunda “Əsmaül-hüsna”ya dair orta əsrlərdən bəri aktuallığını saxlayan 30-dan çox yazılı abidə qorunur. Bu əlyazma nüsxələri 20-si ərəb, 7-si fars, 2-si türk dillərində olmaqla üç hissəyə ayrılır. Habelə bu mövzuda bir türkdilli əski çap kitabı mühafizə edilir.
Qeyd edək ki, məqalə “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə təqdim olunub.