Əmanətlərin Sığortalanması Fondu Türkiyə nümayəndə heyəti ilə görüşüb
Bakı, 10 oktyabr, AZƏRTAC
Əsas fəaliyyət istiqamətlərindən biri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sentyabr ayının 26-da Türkiyədən olan nümayəndə heyəti ilə Fondun inzibati binasında görüşüb.
ƏSF-dan AZƏRTAC-a bildirilib ki, Fond rəhbərliyinin, eyni zamanda, Əmanətlərin Sığortalanması Fondunun İnformasiya texnologiyaları və təhlükəsizlik, Risklərin idarə edilməsi, təhlil və investisiya, Hüquq və Ümumi işlər departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilən iki günlük görüşdə qardaş ölkənin nümayəndə heyəti Fondun tələblərini qarşılayacaq elektron sistemlərin təqdimatını nümayiş etdirib. Görüş zamanı “Biznes Proseslərinin İdarə Edilməsi” (BPM), “Sığortalanmış Əmanət”, “Hüquqi İzləmə”, “Elektron Arxiv” tətbiqləri və İntranet şəbəkəsinin təqdimatı baş tutub.
Tədbir zamanı diqqətə çatdırılıb ki, Əmanətlərin Sığortalanması Fondu son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olub, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələr və biliklərə sahiblənib. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirib və Fondun İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılıblar.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu digər beynəlxalq tərəfdaşlarla, ələlxüsus Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə sıx əməkdaşlıq edir. Belə ki, 2022-ci il mayın 9-da ƏSF-nin icraçı direktoru Tural Piriyev və TMSF-nin idarə heyətinin sədri Fatin Rüştü Karakaş arasında Türkiyənin İstanbul şəhərində Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, Fondun müvafiq əməkdaşları üçün mayın 9-12-də Türkiyədə TMSF-nin ixtisaslı kadrları tərəfindən təlimlər təşkil edilib.