ƏMAS və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə davam etdirilir
Bakı, 25 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qusar şəhərində keçirilən tədbirə 60 müəssisənin nümayəndəsi qatılıb. Maarifləndirmə tədbirində “ƏMAS-ın imkanları və yeniliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatlar edilib.
Çıxışlar zamanı iştirakçılara ƏMAS platformasının funksionallığı, son yeniliklər və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.
Həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, yeni qəbul edilmiş dövlət standartları, “Vision Zero” yanaşmasının tətbiqi, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə iştirakçılar məlumatlandırılıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.