İQTİSADİYYAT
“Embafinans” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil olunub

Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin ümumi dəyəri 1 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 10 faiz, tədavül müddəti 1 ildir. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək mümkündür. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.