ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir qonaqlara Azərbaycanın sosail-iqtisadi durumu, işsizliyin aradan qaldırılması və əhalinin həyat şəraitinin yüksəldilməsi yönündə görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, keçmiş SSRİ məkanında əmək haqqında qanun ilk dəfə olaraq Azərbaycanda işlənib hazırlanmış və qəbul olunmuşdur. İnkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələndiklərini bildirən nazir, söyləmişdir ki, qanunda nəzərə alınmayan mənfi halların aradan qaldırılmasında bundan istifadə olunur.
İşsizliyin, bütün dünyadakı kimi, bizdə də mövcud olduğunu və bu problemin aradan qaldırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasətdən danışan nazir, əsas diqqətin yeni iş yerlərinin yaradılmasına yönəldildiyini vurğulamışdır. Bunun, nəticə etibarı ilə,
yaxın gələcəkdə Azərbaycanda gənclərin məşğulluq probleminin aradan qaldırılmasına, uşaq əməyindən istifadənin minimuma endirilməsinə və daxili miqrasiyaya müsbət təsir edəcəyinə inam nəzərə çarpdırılmışdır. Nazirin dəvəti ilə reallaşan səfərdən razı qaldıqlarını deyən qonaqlar Azərbaycanın sosial sahələrdə əldə etdiyi uğurlara sevindiklərini bildirmişlər. V.K.Blenk demişdir: “Azərbaycan daim müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsində olub və həmişə də bundan yararlanmışdır. BƏT bu sahədə Azərbaycanla əməkdaşlıq edən ilk təşkilatdır və biz bununla fəxr edirik. Ölkə indiyədək BƏT-in 55 konvensiyasına qoşulmuşdur ki, bunların da 8-i gənclərin problemlərinə həsr olunmuşdur. Ölkənizin təbii sərvətləri, makroiqtisadi imkanları, təhsil, səhiyyə, idman və s. sahələrdə əldə etdiyiniz uğurlar Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətdən xəbər verir. Çalışmalıyıq ki, əhalinin iqtisadi vəziyyəti kompensasiyalar hesabına yox, işlə təmin olunmaqla aradan qaldırılsın”. Cənab Blenk bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişdir.
Sonra qonaqlar nazirliyin əməkdaşları ilə də görüşmüşlər.