Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İsveç və Latviyada səfərdə olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dünya Bankı ilə birgə həyata keçirdiyi “Sosial müdafiənin inkişafı” layihəsinin “Gənclər üçün peşə yönümü xidmətləri” tapşırığı çərçivəsində ƏƏSMN və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət layihə işçi qrupunun üzvləri İsveç Krallığı və Latviya Respublikasında təlim səfərində olmuşlar.
ƏƏSMN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkələrin peşə yönümü və peşə təhsili sahəsində qabaqcıl təcrübəsi ilə əyani tanışlıq, həmin təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması məqsədi ilə təşkil olunan səfər zamanı Stokholm və Riqa şəhərlərində görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.
İsveç Krallığında Yerli Məşğulluq Xidməti, Mərkəzi Məşğulluq Xidməti, Sənətkarlar Akademiyası və digər müvafiq təşkilatlarda məhsuldar görüşlər olmuşdur. Azərbaycan nümayəndə heyətinə peşə yönümünün planlaşdırılması və təcrübədə tətbiqinin konkret üsul və vasitələri, peşə yönümü sahəsində ən son siyasət və istiqamətlər, gənc mütəxəssislərin hazırlanması, virtual peşə yönümü xidmətləri, birgə Aİ tədbirləri və sairə barədə məlumat verilmiş, məsləhətçilərlə müzakirələr aparılmışdır.
İsveçin Uppsala şəhərində Gənclərin Peşəyönümü Mərkəzi ilə tanış olan nümayəndə heyətinə bu mərkəzin mütəxəssislərinin orta məktəblərlə yaxından əməkdaşlıq etməsi barədə məlumat verilmişdir. Heyət burada yerli İşədüzəltmə Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Qonaqlar Stokholm Universitetində və Peşə Liseyində də görüş keçirmişlər.
Latviyaya səfər zamanı Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Mərkəzi Məşğulluq Xidməti, Yerli Məşğulluq Xidməti, Təhsilin İnkişafı üzrə Dövlət Agentliyində görüşlər olmuşdur. Latviyada peşə yönümü təcrübəsi, məktəblərdə peşə yönümü, Aİ tərəfindən təşkil olunan əmək yarmarkası və nəticədə işaxtaranların müxtəlif Avropa dövlətlərində işlə təmin olunması və s. barədə ətraflı məlumat əldə edilmişdir.
Azərbaycan nümayəndə heyəti Riqa orta məktəblərinin birində görüş zamanı özəl peşəyönümü kabineti və bu kabinet vasitəsilə bütün müraciət edənlərin informatik və psixoloji dəstək alması barədə məlumatlandırılmışdır.