Əmlak Məsələləri Dövlət Komitəsi “ASAN xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlamışdır
Bakı, 24 fevral (AZƏRTAC). Vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin regional qeydiyyat idarə və şöbələri ilə paralel olaraq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına, həmçinin fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı sənədlərini eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə də təqdim edə bilərlər.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə baxılaraq həll ediləcəkdir. Komitə vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd olunan xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər.
Sənədlərin “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə təqdim edilməsi fevralın 22-dən başlanmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsi və "ASAN Xidmət" mərkəzlərində göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Tarif Şurasının müvafiq qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçirilir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və operativliyin daha da artırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.