ƏN ÇOX VERGİ ÖDƏYƏN TÜRK ŞİRKƏTLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dost və qardaş ölkələrimizin dövlət himnləri səslənmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunmuşdur.
Respublikamızda fəaliyyət göstərən türk iş adamlarını birləşdirən TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və türk iş adamlarının Azərbaycandakı fəaliyyətinə dair ətraflı məlumat vermiş, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır.
Türkiyəli iş adamlarının Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını deyən vergilər naziri Fazil Məmmədov qeyd etmişdir ki, nazirlikdə vergi ödəyicisi kimi 476 türk sərmayəli şirkət qeydə alınmışdır. Bu şirkətlərin cari ilin 9 ayında ödədiyi verginin məbləği 126,3 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Ölkəmizin iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş islahatları Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırmış, gələcəkdə iqtisadiyyatda daha böyük irəliləyişlərə nail olacağımıza inamını bildirmişdir.
Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyevin xüsusi önəm verdiyi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dahi rəhbərin layiqli davamçısı, Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənir.
Sonda vergilər naziri F. Məmmədov və Dövlət Gömrük Komitəsinin sədri A. Əliyev 2005-ci ildə ən çox vergi ödəyən şirkətlərin nümayəndələrinə xatirə hədiyyələri təqdim etmişlər.