“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulu başa çatır
Bakı, 30 aprel, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulu başa çatır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və institutun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantlarının iştirakı nəzərdə tutulub.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənəd qəbulu onlayn aparılır. Müsabiqə mərhələli şəkildə təşkil olunacaq. Namizədlər aprelin 20-dən başlayaraq son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini Gənc Alim və Mütəxəssislər Şurasının elektron poçtuna göndərirlər. Sənəd qəbulu başa çatdıqdan sonra təqdimatlar onlayn dinləniləcək və qaliblər müəyyən ediləcək. Qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.
Bildirilib ki, ölkədə karantin rejimi uzadılarsa müsabiqə qaliblərinin təqdimatı “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunan bu elmi müsabiqə artıq 8-ci dəfə keçirilir. Müsabiqənin təşkilində məqsəd institutda çalışan gənc alim və mütəxəssislərin, təhsil alan doktorant, dissertant və magistrantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, araşdırmalara daha ciddi yanaşmalarına, elmi mütəxəssis kimi yetişmələrinə, nitq qabiliyyətlərinin inkişafına kömək etməkdir.