CƏMİYYƏT
Energetik içkilərdən istifadə gənclər arasında ani ürək tutmasına səbəb olur
Bakı, 7 iyul, AZƏRTAC
Qan təzyiqi problemindən əziyyət çəkən ürək-damar xəstələrinin isti günlərdə havada olmağı tövsiyə edilmir. Lakin bunu bütün ürək-damar xəstələrinə şamil etmək olmaz. Ürək-damar xəstəliklərinin müalicəsi zamanı mütəxəssislərə ən çox maneə həmin xəstələrdə olan böyrək problemləridir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev nazirliyin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı deyib.
“Böyrək xəstəliklərindən əziyyət çəkən pasiyentlərə ürək-damar problemi üçün dərman preparatları qəbul etmək təhlükəlidir. Bu zaman həkimlər çıxılmaz vəziyyətdə qalır, çünki yazılan dərmanların tərkibi onların böyrək probleminə ciddi təsir edə bilər.
Son dövrlərdə gənclər arasında ani ürək tutmalarında artım tendensiyası müşahidə edilir. Bunun səbəbi gənclərin energetik içkilərdən olduqca çox istifadə etməsidir. Eyni zamanda, bu artımda zərərli vərdişlərin və genetik amillərin də rolu var. Ürək damar xəstəliklərindən qorunmaq üçün sağlam həyat tərzi vacibdir. Düzgün qidalanmaq bu xəstəlikdən qorunmağın ən sadə yoludur. Duz istifadəsində məhdudiyyət, az yağlı qidalar və zeytun yağı istisna olmaqla duru yağın istifadəsinin azaldılması tövsiyə edilir”.