Əqli Mülkiyyət Agentliyində “Təbiətin harayı” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 6 iyun, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar “Təbiətin harayı” adlı tədbir və sərgi keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən RETK-in direktoru Mübariz Məmmədli ekoloji problemlərin həlli istiqamətində COP29-dan faydalı nəticələr gözlənildiyini bildirib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova ölkəmizdə ekosistemin tənzimlənməsi, işğaldan azad edilmiş ərazilərimizdə ekosistemin bərpası ilə bağlı həyata keçirilən layihələr haqqında videotəqdimat ediblər. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəşr etdirdiyi “Azərbaycan təbiəti” kitabı RETK-ə hədiyyə olunub.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu belə görüşlərin və müzakirələrin ekoloji maarifləndirmə sahəsində böyük əhəmiyyət kəsb etdiyini, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildirib. O, ekoloji problemlərin təkcə bir ölkə çərçivəsində deyil, bütün dünya miqyasında narahatlıq yaratdığını vurğulayaraq ekoloji tarazlığın qorunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları ətraflı cavablandırılıb.