ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları beynəlxalq distant təlimlərdə
![](/files/galleryphoto/2020/2/1200x630/15886654543830649079_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1588665454774962498_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886654546230129803_1200x630.jpeg)
Bakı, 5 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edilərək, infeksiyanın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında xüsusi karantin rejimi davam edir. Bir çox dövlət qurumları kimi, Əqli Mülkiyyət Agentliyi də fəaliyyətini onlayn davam edir. Əqli mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edən müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulu elektron hökumət portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulu isə elektron poçt vasitəsilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin əməkdaşları beynəlxalq təşkilatlarla əlaqələrini, öz peşə səviyyələrinin onların təqdim etdiyi imkanlardan istifadə etməklə təkmilləşdirilməsini də daim diqqətdə saxlayırlar. Bu yaxınlarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) keçirdiyi distant təlim kurslarına qatılan və bu kursları müvəffəqiyyətlə başa vuran Agentliyin bir neçə əməkdaşı ÜƏMT-nin sertifikatlarına layiq görülüb.