ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Müvəkkil Elmira Süleymanova son illərdə ölkəmizdə insan hüquqlarının həyata keçirilməsi sahəsində islahatların aparıldığını, mədəni hüquqların, həmçinin əqli mülkiyyət hüququnun təmin edilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çarpdırmışdır.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ”Elmi nəticələrin əqli mülkiyyət kimi qorunmasının rolu” mövzusunda məruzə etmişdir O, respublikamızda bu sahəyə diqqətin artırıldığını bildirmiş, görülmüş işlər barədə məlumat vermişdir. Əqli mülkiyyət hüququnun müvafiq qanunlarla tənzimləndiyini, yaradıcılıqla məşğul olan hər bir şəxsin bu hüquqları bilməsinin vacibliyini qeyd etmişdir. Natiq demişdir ki, Azərbaycan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına və digər konvensiyalara qoşulmuş, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun, əqli mülkiyyət sahəsində digər qanunvericilik aktları qəbul edilmişdir.
K.İmanov əqli mülkiyyət obyekti olan ixtiraların dövlət tərəfindən qorunduğunu və patentlə təsdiq olunduğunu bildirmiş, hazırkı şəraitdə əqli mülkiyyətin iqtisadi əhəmiyyətinin getdikcə artdığını, intellektual potensialın Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdiyini vurğulamışdır.
Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.