Ərazi-planlaşdırma sənədlərinin tələblərini pozan tikinti şirkətinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkarlanmış korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.
Hər iki qurumun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin apardığı araşdırma nəticəsində “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxsləri tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən dörd hündürmərtəbəli binalardan üçü üzrə Komitə ilə razılaşdırılmış ərazi-planlaşdırma sənədlərində qeyd olunmuş tələblərin pozulması halları müəyyən edilib. Bu barədə toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aparılmış araşdırmalarla Cəmiyyət tərəfindən inşa olunan binalardan üçünün mərtəbələrinin sayının layihədə nəzərdə tutulduğundan artıq olduğu, iki yaşayış binasında isə əlavə olaraq mansardların inşa edildiyi müəyyənləşib.
Həmin qanunsuz hərəkətlərlə əlaqədar “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.