ƏRƏB VƏ KİRİL ƏLİFBALARINDAN QURTULUŞ
AKKAN SUVER
Mərmərə Qrupu Strateji və
Sosial Araşdırmalar Vəqfinin
baş direktoru
Avqust ayı tarix boyu türklərin həyati əhəmiyyəti olan qərarlar qəbul etdiyi və dəfələrlə taclanmış bir aydır.
1071-ci ilin avqust ayında Anadoluya qədəm qoyan türklər 1922-ci ilin eyni ayında düşməni Anadoludan qoyub çıxarmışlar.
Türkcənin rəsmi dil elan edilməsi də avqustda baş vermişdir.
Türklər müsəlmanlığı qəbul etdikdən sonra islam mədəniyyətini mənimsəyərək, müqəddəs saydıqları ərəb əlifbasını işlətməyə başlamışlar. Ancaq sonra məlum oldu ki, ərəb əlifbası türk dilinin fonetik quruluşuna uyğun deyil və bu səbəbdən də dilimizin səslərini əks etdirə bilmir. Saitləri az, samitləri çox olan ərəb əlifbası ilə türkcə yazmaq xeyli çətinliklər yaradırdı. Buna görə də Anadoluda ərəb əlifbasını çətinliklə mənimsəyirdilər, nəticədə əhalinin 80 faizi savadsız idi.
Bu problemi aradan qaldırmaq üçün Sultan Əbdüləzizin dövründə Münif paşa yazıda islahat aparılması məqsədi ilə dövlətə layihə təqdim etmiş, lakin bu layihə Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə (Osmanlı imperiyasının elmlər akademiyası - red.) tərəfindən rədd edilmişdi.
Daha sonra İstanbula gələn Azərbaycanın məşhur dramaturqu və mütəfəkkiri Mirzə Fətəli Axundov hökumətə başqa bir layihə təqdim etmiş, ancaq həmin layihə də “əski islam əsərlərinin unudulmasına səbəb olacağı” iddiası ilə eyni cəmiyyət tərəfindən qəbul edilməmişdi.
1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra ərəb əlifbasının türk dilinə yaramadığı barədə məsələ Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxarılsa da, müxtəlif qrupların müqaviməti üzündən latın əlifbasının qəbulu 1928-ci ilə qədər həyata keçməmişdi.
O dövrün adlı-sanlı ziyalıları, İstanbul Üniversiteti, Türkiyə Təhsil Nazirliyi kimi qurumlar latın əlifbasına qarşı çıxırdılar.
Nəhayət, 1928-ci ilin 9 avqust günü böyük Atatürk İstanbulun Gülhanə parkında keçirilən bir tədbir zamanı əlinə təbaşir götürərək lövhənin qarşısına keçir və latın hərflərini yazaraq deyir:
“Arkadaşlar, bizim ahəngli, gözəl, zəngin dilimiz yeni türk hərfləri ilə özünü göstərəcəkdir! Yeni əlifbanı sürətlə öyrənin! Onu hər vətəndaşa, qadına, kişiyə, kəndliyə, çobana, hambala, qayıqçıya öyrədin! Unutmayın ki, bir millətin 10-20 faizinin savadlı, 80 faizinin savadsız olmağı ayıbdır!”
Bu, zəfərlər ayı olan avqustun başqa bir zəfərlə, bu dəfə çağdaşlıqla taclanması idi.
Bir müddət bundan əvvəl isə Azərbaycan türkləri latın əlifbasını rəsmən qəbul etdilər. Bu əlifba səfərbərliyi Azərbaycan Prezidenti Heydər Əliyevin israrı və əzmi sayəsində gerçəkləşdi. Təsadüfə baxın ki, Atatürkün 9 avqust 1928-ci ildə İstanbulda uzaqgörənliklə söylədikləri ilə Heydər Əliyevin 9 avqust 2001-ci ildə həmvətənlərinə xitabən dedikləri nə qədər səsləşir:
“Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi... Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qovuşması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi”.
Latın əlifbasına keçmək Azərbaycanı Qərbə yaxınlaşdırmaqla bərabər, Ankara ilə Bakı arasında fikir və qərar birliyini daha da möhkəmləndirəcək, insanlarımızın daha çox qaynayıb- qarışmasına imkan yaradacaqdır.
Nə deyək, sağ əlimiz o biri ölkələrin başına.
Bəli, Anadolu türklərinin ərəb, Azərbaycan türklərinin isə kiril əlifbasından xilas olduqları avqust ayı onların tarixində növbəti bir səhifə açdı. Bu da meydan müharibələrində qılınc, süngü və topla qazanılan zəfərlərlə yanaşı türklərin müasir dövrdə mədəniyyət sahəsində əldə etməyə can atdıqları yeni zəfərlər silsiləsində bir halqadır.