QAN YADDAŞI
“ERMƏNİLƏRİN AZƏRBAYCAN TORPAĞINDAKI ƏMƏLLƏRİ HAQQINDA TARİXİ FAKTLAR” KITABI BİŞKEKDƏ RUS VƏ İNGİLİS DİLİNDƏ ÇAP EDİLMİŞDİR
Bişkek 21 fevral (AZƏRTAC). Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitunun alimləri tərəfindən hazırlanmış “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı Bişkekdə rus və ingilis dilində nəfis şəkildə çap edilmişdir.
Kitabın baş məsləhətçisi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, elmi redaktoru tarix elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Kitab Yaqub Mahmudovun “Tarixin ən təhlükəli xülyası” sərlövhəli ön sözü ilə açılır. Orada da 18-ci əsrin ikinci yarısında İrəvan xanlığını əks etdirən Azərbaycan xəritəsi və ölkəmizin müxtəlif əsrlərə aid digər xəritələri də verilmişdir.
Fondun sədri Nüsrət Məmmədovun verdiyi məlumata görə, 5 min turajla çap edilmiş 300 səhifəlik bu kitabın təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Məclisində keçirilməsi nəzərdə tutulmuşdur. Mərasimdə Qırğızıstan parlamenti-Joqorku Keneş sədrinin birinci müavini Çolpon Baekova və bir neçə deputatın iştirakı da gözlənilir.
N.Məmmədov demişdir ki, bu kitabın Qırğızıstanın dövlət və ictimai təşkilatlarında, elmi dairələrdə, ali təhsil müəssisələrində pulsuz yayılması nəzərdə tutulmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
######