SİYASƏT
ERMƏNİLƏRİN XAHİŞİ BU DƏFƏ DƏ RƏDD EDİLMİŞDİR
Aprelin 3-5-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının binasında Avropa nəqliyyat nazirləri müavinləri komitəsinin 270-ci sessiyası keçirilmişdir. Sessiyada mayın 28-31-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsi nəzərdə tutulan nəqliyat nazirləri konfransının gündəliyinə çıxarılacaq nizamnamənin dəyişdirilməsi, nəqliyyatda terrorizm və cinayətkarlığa qarşı mübarizə, hərəkətin təhlükəsizliyi, elektron qurğuların tətbiqi və kvota ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Respublikamızı sessiyada “Azəravtonəqliyyat” Dövlət Konserninin nəqliyyat müfəttişliyi və lisenziya baş idarəsinin rəisi Akif İsayev təmsil etmişdir.
O, sessiyadan sonra AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, sessiyanın gündəliyi əvvəldən tərtib olunmuşdu. Lakin hansı səbəbdənsə, gündəlikdə dəyişiklik edilməsinə təşəbbüs göstərilmiş, Maltanın Avropa nəqliyyat nazirləri konfransına üzv qəbul olunmasının əlavə məsələ kimi gündəliyə salınmasına cəhd göstərilmişdir. Belə fürsətdən istifadə etməyə çalışan Yunanıstan nümayəndəsi Kiprin, baş katib isə Ermənistanın üzvlüyə qəbul olunmasını ortalığa atmışlar. Azərbaycan və Türkiyə nümayəndələri bununla əlaqədar qəti etirazlarını bildirmişlər. Moldova bu məsələdə ölkəmizi dəstəkləmişdir. Beləliklə, Ermənistanın xahişi bu dəfə də rədd edilmişdir.
Sessiyada nəqliyyat nazirləri konfransı nizamnaməsinin dəyişdirilməsi məsələsinin müzakirəsi geniş mübahisə doğurmuşdur. Nizamnamənin dəyişdirilməsi bir çox ölkələrə, o cümlədən Ermənistana bu beynəlxalq təşkilata manesiz üzv olmağa imkan verir. Əksər dövlətlərin nümayəndələri dəyişikliklərin əleyhinə çıxmışlar.
Almaniya nümayəndəsi icazə kvotalarının azaldılması məsələsinin nazirlər konfransının gündəliyinə salınması təklifi ilə çıxış etmişdir. Dünya Bankının məlumatlarının düzgün olmadığını iddia edən Almaniya nümayəndəsi MDB ölkələri üçün ayrılmış kvotaların azaldılmasına təşəbbüs göstərmiş, bəzi ölkələrdə idxal və ixrac faizinin aşağı olmasını bəhanə gətirmişdir. Bu təklifin qəbul edilməsi nəqliyyat vasitələrinin digər ölkələrin ərazilərinə daxil olması sayının azaldılması demək idi. Ukrayna, Moldova və Azərbaycan buna qəti etiraz etmiş, Almaniya nümayəndəsinin təklifi gündəliyə salınmamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris