“ERMƏNİSTAN GƏRGİNLİYİ ARTIRAN ADDIMLAR ATIR” ADLI SƏNƏD AŞPA-NIN YAZ SESSİYASINDA DEPUTATLARA PAYLANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gedişi zamanı “Ermənistan gərginliyi artıran addımlar atır” adlı sənəd yaymışdır.
Sənəd qətnamə layihəsi şəklində hazırlanmışdır. Qaydalara görə sənədə beş ölkədən iyirmi deputat imza atmalıdır. Bir çox ölkələrin millət vəkilləri sənədi imzaladıqlarından o, artıq Avropa Şurasının katibliyinə təqdim edilmişdir. AŞPA-nın bürosunda baxıldıqdan sonra sənədlə bağlı qərar qəbul olunacaqdır.
Sənəddə deyilir: “Ermənistan hakimiyyəti beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq prezident seçkilərini işğal etdikləri Azərbaycan ərazilərində də keçirmişdir. Ermənistan dövlətinin bu addımları onun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə zidd olmaqla yanaşı, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair gedən danışıqlar prosesini təmamilə zərbə altında qoyur.
Bundan əlavə, Ermənistan hakimiyyəti prezident seçkilərindən dərhal sonra ölkədə elan etdikləri fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların və ictimaiyyətin, əhalinin kəskin reaksiyasını gördükdən sonra diqqəti yayındırmaq məqsədi ilə işğal etdikləri ərazilərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinə və dinc əhaliyə qarşı hücum etmişdir. Nəticədə Azərbaycan tərəfində ölən və yaralananlar qeydə alınmışdır. Bu isə öz növbəsində vəziyyəti daha da gərginləşdirmişdir. Azərbaycan Silahlı Qüvvələri onların hücumlarının qarşısını almışdır. Ermənistanın işğalçı qoşunları atəşkəs rejimini dəfələrlə pozaraq təmas xətti yaxınlığında yerləşən kənd və qəsəbə sakinlərinə atəş açır, onları daim qorxu altında saxlayır.
Ermənistan hakimiyyəti bu cür təxribatlara əl atmaqla, BMT və Avropa Şurasının qətnamələrinə məhəl qoymadığını bir daha göstərir.
Digər tərəfdən Ermənistan parlamenti Dağlıq Qarabağ problemini müzakirələrə çıxarmış və müzakirələr zamanı səslənmiş fikirlər bu məsələnin tənzimlənməsinə deyil, hadisələrin daha da gərginləşməsinə zəmin yaradır.
Ermənistan dövləti bölgədə vəziyyəti gərginləşdirən hər cür təxribatlara əl atır, götürdüyü öhdəlikləri yerinə yetirmir və danışıqlar prosesini təhlükə altında qoyur, Avropa dəyərlərini saymır. Avropa Şurası Ermənistanın bölgədə vəziyyəti getdikcə gərginləşdirməyə yönəlmiş addımlarının qarşısını almalı, loyal münasibətlərdən əl çəkərək, məsələni tezliklə müzakirə etməli və ciddi tədbirlər görməlidir”.
Sənədi İtaliyadan, Litvadan, Almaniyadan, Moldovadan, Türkiyədən və digər ölkələrdən olan deputatlar imzalamışlar.