İQTİSADİYYAT
“eSAS” könüllülərinə startap ekosisteminin inkişafı və kibertəhlükəsizliklə bağlı məlumat verilib
Bakı, 13 avqust, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın üzvü Fərid Pərdəşünas “eSAS” könüllüləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, innovasiya, startap ekosisteminin inkişafı və kibertəhlükəsizlik mövzusuna həsr olunan görüşdə könüllülərə bu istiqamətdə ölkəmizdə görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda sahə üzrə qəbul edilmiş qanunvericilik aktları innovativ startapları, ümumilikdə isə yüksək texnologiyalar sahəsinin inkişafını stimullaşdırır. İKT sektorunda innovasiya yönümlü kiçik və orta sahibkarlıq inkişaf etdirilir, ölkənin İKT bazarına potensial investorlar cəlb edilməsi istiqamətində işlər aparılır.
Tədbirdə vurğulanıb ki, iqtisadiyyatın və sənayenin innovasiyalar əsasında inkişafı elm, texnologiya və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkündür. Bunu reallaşdırmaq üçün Azərbaycan gənclərinin böyük intellektual potensiala malik olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin günümüzün aktual mövzularından olan kibertəhlükəsizlik məsələlərinə də toxunulub. Qeyd olunub ki, hazırda kiberhücumların əsas hədəfləri insanların fərdi və digər konfidensial məlumatlarıdır. Bunun qarşısını almaq üçün sahə üzrə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atıldığı, həmçinin kibertəhdidlərlə qarşılaşacaqları təqdirdə nə etməli olduqları və hara müraciət edə biləcəkləri barədə könüllülərə məlumat verilib.