“Əsas Qrant Müsabiqəsi – 2026”: qalib layihələr müxtəlif elmi müəssisələrin iştirakı ilə reallaşacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Elm Fondu “Əsas Qrant Müsabiqəsi – 2026”da qalib olan layihələrin işlənib-hazırlandığı müəssisələrin adlarını açıqlayıb.
Elm Fondundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, maliyyələşdirilməsi nəzərdə tutulan layihələr Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fizika İnstitutu, Coğrafiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Geologiya İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Milli Onkologiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elmi-Tədqiqat Mərkəzi və Mərkəzi Elmi Kitabxana və digər elmi və ixtisaslaşmış qurumların iştirakı ilə həyata keçiriləcək.
Elmi müəssisələrin belə geniş siyahısı qalib layihələrin müxtəlif elm sahələrini və elmi qurumları əhatə etdiyini, eyni zamanda, universitetlərlə elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaratdığını göstərir. Qalib layihələrin müəyyənləşdirilməsində elmi ekspertizanın nəticələri ilə yanaşı, müsabiqə üzrə 2026-cı il üçün müəyyən edilmiş prioritet istiqamətlər də mühüm rol oynayır. Onu da qeyd edək ki, maliyyələşdirilməyən layihələr içərisində elmi baxımdan maraqlı mövzuları əhatə edənlərin olmasına baxmayaraq onların bəzilərinin texniki tələblərə cavab verməməsi, bəzilərinin prioritetlərlə uyğunluq təşkil etməməsi bu müraciətlərin maliyyələşmədən kənarda qalmasına səbəb olub.
Xatırladaq ki, müsabiqəyə ümumilikdə 192 layihə təqdim olunub, 22 layihə müsabiqənin qalibi elan edilib.
Müxbir - Tünzalə Zeyvəliyeva