Estoniya və Azərbaycanlı mütəxəssislər iqlim ssenarilərinin hazırlanması mövzusunu müzakirə edib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində Milli Hidrometeorologiya Xidməti tərəfindən Estoniya Ətraf Mühit Agentliyi ilə vebinar keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsi tərəfindən Estoniya Respublikasının İqlim Nazirliyinin İqlim Departamenti ilə birgə “İqlim ssenarilərinin hazırlanması sahəsində təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil olunub.
Keçirilən tədbir COP28 ərəfəsində iki ölkə arasında iqlim dəyişmələri sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qurumlararası təcrübə mübadiləsinin aparılmasına həsr edilib.
Tədbir zamanı “Uzun-müddətli aşağı emissiya inkişaf strategiyası”, “Estoniyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə milli fəaliyyətlərin həyata keçirilməsi” və “CMIP6 modeli üzrə iqlim məlumatlarının təhlili təcrübəsi” mövzuları üzrə təqdimatlarla çıxışlar edilib, çoxsaylı suallar cavablandırılıb.
Vebinarda hər iki ölkədə Paris Sazişinin 13-cü maddəsi üzrə Təkmilləşdirilmiş Şəffaflıq Formatına uyğun MRV sisteminin vəziyyəti, iqlim ssenarilərinin hazırlanması, istixana qaz emissiyalarının hesablanması metodları, mitiqasiya və adaptasiya tədbirlərinin effektivliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müəyyən edilib.