Ətraf mühitin akustik küy və elektron tullantılarla çirklənməsi problemləri üzrə tədqiqatlar aparılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Bu il İnformasiya Texnologiyaları İnstitutunda “Əşyaların interneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi” mövzusu çərçivəsində “Kiberfiziki sistemlər platformasında akustik küy çirklənməsi təhlükəsizliyinin qiymətləndirməsi metodikası”, “Akustik küy problemlərinin həllinə süni intellekt metodlarının tətbiqi haqqında” alt mövzuları üzrə tədqiqatlar aparılıb və onların nəticələri bir sıra nüfuzlu jurnallarda dərc olunub, konfranslarda məruzələr edilib.
Bu barədə Elmi şuranın iclasında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölməsinin elmi-tədqiqat fəaliyyətindən danışıb. O qeyd edib ki, cari ildə “İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparılıb. Şöbədə, həmçinin daha bir problem - “Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri” çərçivəsində araşdırmalar bu il də davam etdirilib, “Elektron tullantıların idarəçiliyinin informasiya və tətbiqi proqram təminatı məsələləri haqqında”, “SOCAR-da elektron tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi” alt mövzular üzrə tədqiqat işləri aparılıb. Tədqiqatların nəticələri bir sıra nüfuzlu jurnallarda, konfranslarda öz əksinin tapıb.
Məruzəçi SOCAR-ın Elm Fondunun “Neft-qaz quyularında anomal yüksək lay təzyiqi zonalarını proqnozlaşdırmaq üçün intellektual informasiya sisteminin işlənməsi” mövzusu üzrə qrant layihəsi çərçivəsində aparılan tədqiqatların icra vəziyyəti haqqında məlumatları da diqqətə çatdırıb.
Sonra B.Ağayev cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirib. Qeyd edib ki, şöbə əməkdaşları tədqiqat işlərinin effektivliyini daha da artırmaq məqsədilə monitorinq prosesində səs sensorlarından toplanan böyük həcmli informasiyanın emalı, strukturlaşmamış verilənlərdən biliklərin əldə edilməsi üçün müasir intellektual emal metodlarından, o cümlədən “Big Data”, “Deep Learning”, “Machine Learning” və s. təlimlərdən daha geniş istifadə etməli, məqalələrin elmi yükünü artırmalıdır.