“Eurasia Review”: Noyabr Bəyanatının həyata keçirilməsi regional təhlükəsizlik və sülh üçün olduqca əhəmiyyətlidir
Bakı, 17 avqust, AZƏRTAC
“Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin “Noyabr Bəyanatının həyata keçirilməsi regional təhlükəsizlik və sülh üçün olduqca əhəmiyyətlidir” sərlövhəli məqaləsi dərc edilib.
BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, məqalədə müəllif 2020-ci ilin Cənubi Qafqaz regionunda COVID-19 pandemiyasının yayılması və Ermənistanla Azərbaycan arasında yeni bir müharibə ilə daha çox yadda qalan qarışıq bir il olduğunu qeyd edib.
Müəllif xatırladıb ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya Federasiyası rəhbərləri atəşkəsi təmin edən və bütün hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanat imzalayıblar. Bu sənəd uzunmüddətli düşmənçiliyə son qoymalı və regionun tarixində yeni bir səhifə açmalı idi. Belə ki, Ermənistan və Azərbaycan nəqliyyat dəhlizlərinin yenidən açılması və regional iqtisadi inteqrasiyanın dəstəklənməsi barədə razılığa gəlmişdilər. Münaqişə sona çatsa da, noyabr razılaşmasının bütün bəndlərinin həyata keçirilməsində, konkret olaraq, dördüncü maddə - “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” maddəsinin icrasında ləngimələr mövcuddur. Ermənistan silahlı qüvvələrinin Laçın dəhlizi ilə Qarabağa qeyri-qanuni keçirilməsinin davam etməsi eskalasiyaya səbəb ola və sülh səylərinə zərbə vura bilər.
Bildirilir ki, noyabr razılaşmasının başqa bir vacib maddəsi doqquzuncu bənddir. Orada qeyd edilir ki, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Bu məqamda ən vacib məsələ budur ki, Ermənistan noyabr razılaşmasının bütün bəndlərini yerinə yetirmək istəmir. Sənəd Ermənistan cəmiyyətində fərqli qarşılandı. Belə ki, noyabr razılaşmasının şərtlərini tənqid edənlər əsasən iyirmi il Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı"nı dəstəkləyənlərdir. İşğal siyasəti Ermənistanı 2020-ci il müharibəsində fəlakətə sürükləsə də, erməni cəmiyyətinin böyük bir hissəsi İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti hələ də qəbul edə bilmir və buna görə də revanşizm ideyasını dəstəkləyir. Erməni millətçiləri Zəngəzur dəhlizinin yenidən açılmasını növbəti siyasi məğlubiyyət kimi qiymətləndirirlər. Bu məqsədlə Ermənistan Zəngəzur dəhlizinin yerinə İcevan-Qazax-Bakı dəmir yolu xəttinin açılması ideyasını da dəstəkləyirlər. Noyabr razılaşmasına əsasən isə bütün regional kommunikasiyalar, o cümlədən İcevan-Qazax-Bakı dəmir yolu marşrutu onsuz da bərpa olunmalıdır.
Məqalədə qeyd edilir ki, Rusiya bölgədəki sabitliyin və təhlükəsizliyin əsas qarantı olaraq, noyabr razılaşmasının tam həyata keçirilməsini təmin etməlidir. Çünki sənədin hər hansı bir maddəsinin pozulması Rusiyanın sülhməramlı statusuna mənfi təsir göstərəcək. Xüsusi vurğulanır ki, əgər Ermənistan qanunsuz silahlı qüvvələrini Qarabağa yerləşdirməyə davam edərsə və Zəngəzur dəhlizinin yaradılmasını qəbul etməzsə, bu proses Rusiyanın vasitəçiliyi ilə imzalanan noyabr razılaşmasını pozacaq. Son olaraq, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq davamlı sülh üçün əsas olmalıdır və Zəngəzur dəhlizinin yenidən açılması bütün tərəflər üçün yeni iqtisadi imkanlar və faydalar gətirəcək.