MƏDƏNİYYƏT
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun ilk klipinin təqdimatı olmuşdur
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13 -də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycana qələbə sevinci yaşadan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun ilk klipinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, müğənninin “Mən azadam” (I am free) klipinin çəkilişləri iyunun sonlarında Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur “Euomedia Group” şirkəti tərəfindən həyata keçirilmişdir.
Təqdimat mərasimində çıxış edən E.Qasımov solo ifaçı kimi imza atdığı ilk layihənin Azərbaycanda və onun hüdudlarından kənarda da tamaşaçıların rəğbətini qazanacağına ümidvar olduğunu bildirmişdir. Müğənni klipin Yunanıstan və Polşada yayımlanacağını diqqətə çatdırmışdır.
E.Qasımovun özünəməxsus formada ifa etdiyi “I`m free” mahnısı özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, yaradıcılıq və həyat tərzini canlandırır.
Klipin ərsəyə gəlməsi üçün 200-dən artıq heyət bir yerdə çalışmışdır. Bu ekran əsərinin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru isə Dmitri Peretrutovdur.
Klipin çəkilişlərində Eldar Qasımov ilə yanaşı, Ukraynanın tanınmış “Vabank” şou-balet qrupunun üzvləri də iştirak etmişlər.