Faiq Qarayev: Bakıda keçirilən kurslar məşqçilərin yetişməsinə mühüm töhfə verəcək
Bakı, 15 noyabr, AZƏRTAC
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kurs start götürüb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutan Level-3 kursunun açılış mərasimi keçirilib.
Tədbirdə federasiyanın vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroyx və rumıniyalı Dan Girleanu iştirak ediblər.
F. Qarayev FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. O, kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Azərbaycanda ilk dəfə Level-3 kurslarının təşkil olunduğunu diqqətə çatdıran F. Qarayev bu münasibətlə bütün iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
C. Rəhmanov Azərbaycanda müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu bildirib. O, qeyd edib ki, MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkili işini davam etdirəcək.
Sonra kursun təlimçiləri Peter Nonnenbroyx və Dan Girleanu çıxış edərək iştirakçıları salamlayıblar. Azərbaycanın idman ölkəsi olduğunu bildirən qonaqlar burada bütün idman növlərinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıblar. Onlar ölkədə voleybol məşqçiləri üçün təşkil olunan bu cür kursların yerli və əcnəbi mütəxəssislərin beynəlxalq səviyyədə inkişafına kömək olacağını qeyd ediblər və iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, ümumilikdə 14 nəfərin iştirak etdiyi seminarda yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər iştirak edirlər. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq. Noyabrın 22-də isə imtahan təşkil ediləcək. İmtahanın nəticələrinə uyğun olaraq, bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını əldə edəcəklər.