Faktaraşdırıcı missiyalar işğaldan azad olunmuş ərazilərə dair daha obyektiv hesabatlar hazırlamalıdırlar
Bakı, 10 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfərləri olduqca vacibdir. Bu səfərlər Ermənistan silahlı qüvvələrinin Azərbaycana məxsus tarixi ərazilərdə törətdiyi vəhşilikləri, cinayət izlərini dünyaya təqdim etmək üçün yaxşı fürsətdir. Həmin diplomatların təəssüratları onu deməyə imkan verir ki, onlar Ermənistanın ətraf mühitlə, mədəni-dini abidələrlə niyə belə qəddar davrandığını anlamaqda çətinlik çəkirlər. Həqiqətən də Ermənistanın bu davranışının heç bir məntiqi izahı yoxdur. Bu, sadəcə, işğalçının cinayət izləri deyil, həm də mədəni irsə qarşı həyata keçirilən terror göstəricisidir. Məzarların dağıdılması, abidələrin yerlə-yeksan edilməsi diplomatların da söylədiyi kimi, bu ərazilərin işğaldan əziyyət çəkdiyini göstərirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat səfirlərin və hərbi attaşelərin Cocuq Mərcanlıda olmasının əhəmiyyətini qeyd edib: “Bu səfər ona görə əhəmiyyətlidir ki, 2016-cı ilə qədər bu ərazi Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğundan burada abadlıq işləri aparmaq mümkün deyildi. Lakin 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olundu, 1 il sonra bu kəndə səfər edən səfirlər də dəhşətli mənzərəni gözləri ilə görmüşdülər. Amma Cocuq Mərcanlı artıq ən abad ərazilərdən birinə çevrilib. Yəni, Azərbaycan işğaldan azad etdiyi ərazilərin hər daşına, qayasına həssas yanaşır, onu bərpa edir və yaşayış üçün münbit məkana çevirir. Qarşı tərəf isə bunun əksini edirdi. Biz illərdir bu həqiqətlərin, faktların dünyaya çatdırılması istiqamətində səylər göstərirdik”.
Könül Nurullayeva əksər hallarda məsələyə erməni təəssübkeşliyi prizmasından yanaşıldığından və məsələyə obyektiv qiymət verilmədiyindən təəssüfləndiyini bildirib. Diplomatik korpus nümayəndələri illərdir bizim söylədiyimiz faktları öz gözləri ilə gördülər, reallığın şahidi oldular. Təqdim olunan faktlar dünya mətbuatı tərəfindən də işıqlandırılmaqdadır. Vaxtilə bu həqiqətlər barədə eşidib inanmayanlar indi gördüklərinə inanmağa məcburdurlar: “Ümid edirik ki, bundan sonra işğaldan azad olunmuş ərazilərimizə faktaraşdırıcı missiyalar də səfər edəcəklər və onların hesabatları daha obyektiv şəkildə hazırlanacaq”.