Fəlsəfə İnstitutunda 31 mart soyqırımına həsr olunan elmi konfrans keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının səbəbləri və nəticələri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Ermənilərin tarixboyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapdığını və bunun sayəsində soyqırımına siyasi-hüquqi qiymət vermək imkanı yarandığını qeyd edən İlham Məmmədzadə deyib ki, tarixdə hər bir ideyanın, işin kökündə onun fəlsəfəsi, məntiqi dayanır.
Konfransda Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların səbəbləri və hədəfləri”, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun “Soyqırımı hadisəsinin və ondan xilas yollarının sistemli yanaşma yönündən təhlili”, fəlsəfə üzrə fəlsəfə doktoru Rövşən Hacıyevin “Azərbaycanlıların 31 mart soyqırımı günü: tariximizə daha bir baxış” və fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “1918-ci il mart soyqırımı: tarixi fəlsəfi yanaşma” mövzusunda məruzələri dinlənilib.