Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi istiqamətində AMEA-nın müxtəlif institutları arasında əməkdaşlıq genişləndirilir. Arxeologiya və Antropologiya İnstitutu, Tarix və Etnologiya İnstitutu, eləcə də Memarlıq və İncəsənət İnstitutu bu istiqamətdə birgə layihələr üzərində çalışır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib. Onun sözlərinə görə, Qafqaz Albaniyası ilə bağlı tədqiqatlar artıq institutların elmi fəaliyyət planlarına daxil edilib və bu sahədə ekspedisiyalar formalaşdırılır. Görülən işlərin daha geniş miqyasda davam etdirilməsinə və daha konkret elmi tədqiqat proqramlarının həyata keçirilməsinə ehtiyac var.
O bildirib ki, yaxın gələcəkdə Qafqaz Albaniyasının maddi-mədəni irsi Azərbaycan tarixşünaslığının əsas mövzularından biri olmalıdır. Alimin fikrincə, dövlət vəsaiti və elmə ayrılan qrantlar hesabına həyata keçirilən layihələrdə də bu istiqamət əsas prioritet mövzulardan biri kimi müəyyənləşdirilməlidir.
İnstitut direktoru vurğulayıb ki, Qafqaz Albaniyasının maddi-mədəni irsi yalnız bir elm sahəsinin deyil, müxtəlif elmlərin iştirakı ilə kompleks şəkildə araşdırılmalıdır. Bu istiqamətdə kompleks tədqiqatların aparılması yaxın 5-10 il ərzində ciddi, tutarlı və yeni elmi informasiyaların əldə olunmasına imkan verə bilər. Bu məqsədlə arxeoloji ekspedisiyaların davam etdirilməsi, müxtəlif elm sahələrinin əməkdaşlığının genişləndirilməsi və əldə olunan nəticələrin elmi əsaslarla beynəlxalq ictimaiyyətə təqdim edilməsi vacibdir.