FHN “Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında yanğın taktiki-təlim təşkil ediblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimə metropolitenin işçiləri də cəlb olunublar. “Həzi Aslanov” stansiyasının platformasında birinci yolda dayanmış 27 nömrəli marşrutun ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi yanğın-taktiki təlimin əsas mövzusu olub. Şərti yanğının baş verməsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və metropoliten işçiləri ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlayıblar. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 101 telefon nömrəsinə yanğın barədə məlumat verilib. Daha sonra Xətai Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək yanğını söndürüblər.
Yanğın taktiki təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bir daha izah edilər.