FHN Dövlət Yanğın Nəzarəti Xidməti Göyçay rayonunda seminar-müşavirə keçirib
Bakı, 14 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Göyçay Rayon İcra Hakimiyyətində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar-müşavirədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə hissəsinin, habelə rayonun aidiyyəti təşkilatlarının məsul vəzifəli əməkdaşları iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi qaydaları, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.