FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Biləsuvar rayonunda maarifləndirmə tədbirləri keçirib
Bakı, 10 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə “MKT İK” MMC-nin Biləsuvar, İmişli filiallarında və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Biləsuvar filialında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə həmin müəssisələrin məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsi də vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də nəzərə çatdırılıb.