FHN-in Türkiyədəki yanğın-xilasetmə qüvvələrinin bir hissəsi Vətənə yola düşüb
Muğla, 16 avqust, İlyas Zeynallı, AZƏRTAC
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərindən ibarət bir qrup avqustun 16-da Vətənə yola düşüb.
AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, 165 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini Dalaman hava limanından Muğla vilayətinin rəsmi şəxsləri yola salıblar.
FHN-in yanğın-xilasetmə qüvvələrinin digər üzvləri isə yanğınsöndürmə texnikası ilə birlikdə Azərbaycana yola salınıb.
Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi. Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə yanğınların qarşısının alınmasında əsl fədakarlıq göstəriblər.