CƏMİYYƏT
FHN işçilərinin Həmkarlar İttifaqı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib VIDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov və nazirliyin bir qrup əməkdaşı iştirak edib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov dövlət gənclər siyasətindən və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan geniş söhbət açıb. M.İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, ölkəmizdə gənclər siyasətinin formalaşdırılmasında Ulu Öndərin diqqət və qayğısından danışıb. O, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almalarında, uğurlu karyeraya nail olmalarında ulu öndər Heydər Əliyevin xüsusi əməyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
M.İsmayılov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, dövlətimiz başçısının ətrafında sıx birləşərək cəmiyyətimizin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövlətimizin inkişafına töhfələrini verirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyümələri, təhsil almaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. O, AHİK-in gənc həmkar üzvlərə və gənc istedadlara göstərdiyi diqqət və qayğından bəhs edib.
Çıxışlardan sonra FHN-in aparatında, regional mərkəzlərində və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə fərqlənən 53 nəfər gənc əməkdaş FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.