Finlandiya Azərbaycanlıları Assosiasiyası ermənilərin təxribat xarakterli planını üzə çıxarmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Finlandiya Azərbaycanlıları Assosiasiyası Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində ermənilərin təxribat xarakterli planını üzə çıxarmışdır.
Assosiasiyanın sədri Vasif Muradlı AZƏRTAC-a bildirmişdir ki, iki gün əvvəl “Loesje Suomi Ry” adlı bir fin təşkilatı tərəfindən aprel ayında Ermənistanda kurslar təşkil ediləcəyi və həmin kurslara Finlandiyada təhsil alan azərbaycanlı və türk tələbələrin də dəvət ediləcəyi məlum olmuşdur. Dəvət tələbələrin elektron ünvanlarına göndərilmişdir. Dəvətdə diqqət çəkən məqamlar isə guya xərclərin 70-100 faizinin ödəniləcəyinin bildirilməsidir. FAA bununla bağlı həmin təşkilata etiraz məktubu yollamışdır. Məktubda ermənilərin türklərə olan nifrəti və düşmənçilik mövqeyi həmin təşkilatın rəhbərinin diqqətinə çatdırılmış, ermənilərin törətdikləri Xocalı soyqırımı haqqında foto və videomateriallar ona göndərilmişdir.
Vasif Muradlı demişdir ki, bu təşkilatın rəhbərinə 2013-cü ildə Fransa parlamentində “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanın döyülməsini əks etdirən materiallar, həmçinin həmin ilin iyulunda Ermənistan parlamentində çıxışına görə Moldova ombudsmanı Aureliya Qriqoriunun bu günə qədər dünya erməniləri tərəfindən təhdid olunduğunu sübut edən sənədlər də təqdim edilmişdir. V.Muradlı demişdir: “Biz onların diqqətinə çatdırdıq ki, Finlandiyada yaşayan azərbaycanlı və türk gənclərin Ermənistana getmələri çox təhlükəlidir. Finlandiya Azərbaycanlıları Assosiasiyası olaraq biz gənclərimizi təhlükədən qorumağa çalışırıq və buna qəti etirazımızı bildirdik. Məhz Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu cür təxribat xarakterli dəvətnamələrin tələbələrimizə göndərilməsinə qarşı çıxırıq”.