DÜNYA
Finlandiyalı nazir Brexitin ağır nəticələri ilə bağlı xəbərdarlıq edib
Stokholm, 31 avqust, AZƏRTAC
Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto Brexitin ertəsi günü baş verə biləcək ağır nəticələrlə bağlı xəbərdarlıq edib.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, finlandiyalı nazir deyib: “Biz yük maşınlarının hərəkət edə biləcəyini, insanların nəqliyyatla təmin ediləcəyini, malların daşınacağını, sərmayələrimizin aqibətinin necə olacağını bilmirik. Bizim şirkətlərin Böyük Britaniyada, onların şirkətlərinin isə Avropada fəaliyyət göstərdiyini nəzərə alsaq, düşünürəm ki, bu vəziyyət nə Britaniyanın, nə də Avropa İttifaqının iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”.
Bu yaxınlarda Böyük Britaniyanın Baş Naziri Boris Conson Birləşmiş Krallığın monarxına müraciət edərək sentyabrın ortalarından etibarən parlamentin fəaliyyətini dayandırıb. Pekka Haavisto etiraf edib ki, Britaniya siyasətində gedən oyunlar, insanların dəyişməsi və Brexit üzrə danışıqların sonsuz davam etməsi onda da çaşqınlıq yaradıb. O əlavə edib: “Düşünürəm ki, Brexit Böyük Britaniyada gedən daxili debatların əsas müzakirə mövzusu olub. Bu yaz mən televiziya debatlarının gedişini diqqətlə izləmişəm və onlara daha çox baxdıqca söhbətin nədən getdiyini daha az başa düşmüşəm. Müxtəlif qrupların və digərlərinin məqsədinin nə olduğunu anlamadım”.
Finlandiyalı nazirin sözlərinə görə, “sərt” Brexit perspektivi və Böyük Britaniyanın heç bir saziş imzalanmadan Avropa İttifaqını tərk etməsi Finlandiyanın maraqlarına uyğun deyil. O qeyd edib: “Yeni Baş Nazir Conson fəaliyyətə başladıqda dərhal çox sərt bəyanat verdi və bu prosesin oktyabrın sonunda sazişlə və ya onsuz baş verəcəyini bildirdi. Bizim nöqteyi-nəzərimizdən bu, çox kədərli haldır”.
Britaniya hökuməti artıq bəyan edib ki, sentyabrın 1-dən etibarən heç bir təcili məsələ olmazsa, London Aİ-nin görüşlərində iştirak etməyəcək. Bu səbəbdən önümüzdəki həftə Helsinkidə keçiriləcək Xarici İşlər nazirlərinin görüşü bu formatda sonuncu ola bilər.
Pekka Haavisto bildirib ki, əlbəttə, Böyük Britaniya Avropanı yox, Avropa İttifaqını tərk edir və ikitərəfli və regional əməkdaşlıq üçün hələ imkanlar mövcuddur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm