CƏMİYYƏT
Fiziki fəallıq olmayanda idman qidaları qəbul etmək düzgün deyil
Bakı, 24 noyabr, AZƏRTAC
Bəzən əzələli bədən quruluşuna malik olmaq üçün proteinlər, qeynerlər və steroidlərdən istifadə edirlər. Kimyəvi maddə tərkibli proteinlər sağlamlığa mənfi təsir edir və ciddi problemlərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Günay Məmmədova deyir ki, bəzi idman qidalarında civə və arsen kimi maddələr olduğundan orqanizmə zərərli təsirlər göstərir: “Həmin maddələrin həddindən çox qəbulu ziyanlıdır. Protein tozu qəbul ediləndən sonra fiziki fəallıq mühüm şərtdir. Fiziki fəallıq olmadıqda protein orqanizmə qaraciyər zədələnməsi kimi dönür, yəni depolanması baş verir. Əzələ kütləsi artdığına görə gənc yaşlarda erkən miokard infarktına aparıb çıxa bilər. Bundan başqa protein tozu kalsiumun geri sorulmasını ləngitdiyi üçün osteoparoz, yəni kalsium çatışmazlığı, sümüklərdə sınıqlar, orqanizmdə dəri sallanmaları və çivzələr yaradır”.
İdmanla məşğul olanlar az hərəkətli həyat tərzi sürənlərlə müqayisədə 3-6 dəfə çox enerji sərf edirlər. Mütəxəssislər bildirirlər ki, idman qidalarını qəbul etdikdə fiziki aktivlik şərtdir, əks halda bu lazımsız əsəbi emosional gərginliyə səbəb ola, bəzi hallarda isə zədələrə və xəstəliklərə aparıb çıxara bilər.
İdman sağlamlıqdır, lakin bəzən belə qidalardan istifadə etməklə sağlamlığı görünüşə qurban vermək olmaz.