Folklor İnstitutunun əməkdaşları elmi-tədqiqatlarını uğurla davam etdirirlər
Bakı, 1 may, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşlarının onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, filologiya elmlər doktoru Mətanət Abbasova “Biz birlikdə güclüyük!” devizi altında koronavirusa qarşı aparılan mübarizənin və bununla əlaqədar karantin rejiminin qaydalarına riayət edilməsinin əhəmiyyətindən danışıb.
Cari ilin ilk rübü üzrə plan işləri çərçivəsində şöbənin fəaliyyəti barədə məlumat verən M.Abbasova Güney Azərbaycan folkloru örnəklərinin toplandığı IX cildin mükəmməl şəkildə nəşrə hazırlandığını diqqətə çatdırıb. X cildin folklor materiallarının da xeyli hissəsinin toplandığından söz açan şöbə müdiri lazımi tövsiyə və məsləhətlərini verib.
Sonra əməkdaşların rüblük hesabatı dinlənilib. Məlumat verilib ki, şöbədə “Sulduz aşıq mühiti” mövzusunda plan işi üzərində araşdırma davam etdirilir. “Təbriz bayatıları”ndan, “Şifahi el ədəbiyyatına bir baxış” kitabından nümunələr transliterasiya olunub. “Hüsnü Pəri”, “Şah İsmayıl”, “Hoca və çobanın deyişməsi”, “Kürəkən və pedrazan” dastanları yazıya köçürülüb və s. Habelə şöbənin əməkdaşları tədqiqat işləri ilə bağlı mətbuatda məqalələr dərc etdirirlər.
Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyəti qənaətbəxş hesab olunub.