Folklor İnstitutunun əməkdaşlarının beynəlxalq simpoziumda məruzələri dinlənilib
Bakı, 31 yanvar, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “I Qara dəniz sosial elmlər” beynəlxalq simpoziumunda 118 elm adamı, o cümlədən Azərbaycandan 10-dan çox alim iştirak edib.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları - Sönməz Abbaslının “Qarabağ məsəllərinin özəlliyi”, Məleykə Məmmədovanın “Azərbaycan və Anadoluda topla oynanılan uşaq oyunları” və Aynur Cəlilovanın “Qafqaz xalqlarının ovçuluq miflərinə baxış” mövzusunda məruzələri dinlənilib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən gələn alimlərin antropologiya, arxeologiya, Şərq dilləri və ədəbiyyatları, coğrafiya, müasir türk ləhcələri və ədəbiyyatları, iqtisadiyyat, fəlsəfə, maliyyə, qəzetçilik və media, hüquq, musiqi, psixologiya, siyasət, sosial xidmətlər, kino, tarix və turizmdən bəhs edən məqalələri müzakirə olunub. Bildirilib ki, bəyənilən məqalələr “Qara dəniz” dərgisində dərc ediləcək.
Sonda məruzəçilərə təşəkkürnamələr təqdim olunub. “I Qara dəniz sosial elmlər” beynəlxalq simpoziumunun ildə iki dəfə keçirilməsi nəzərdə tutulub.