Formula 1: Qran-prilərə gələnlərin sayı 4 milyonu ötüb
Bakı, 20 dekabr, AZƏRTAC
Formula 1 yarışmasının “Liberty Media”dan olan sahibləri promouterlərin təqdim etdikləri statistika əsasında 2019-cu il mövsümündə qran-prilərə gələnlərin sayı barədə məlumatı açıqlayıblar.
AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, qran-prilərdə dörd milyondan çox (4 164 948) tamaşaçı olub. Yaponiyada qasırğa səbəbindən şənbə sessiyasının ləğv olunmasına baxmayaraq, bu, ötənilki göstəricilərdən 1,75 faiz çoxdur. “Paddock Club”a 80118 (7,15 faiz) bilet satılıb. Bunlarla birgə bir mərhələyə gələnlərin orta sayı 202 146 nəfər (1,85 faiz) təşkil edib.
Böyük Britaniya (351 000), Meksika (345 694) və Avstraliya (324 100) qran-priləri ümumən 300 mindən çox tamaşaçı toplayıb. Səkkiz mərhələ həftəsonu ərzində ümumi sayın üçdəbirindən çox - 200 mindən artıq izləyici cəlb edib: Sinqapur və ABŞ qran-priləri (hərəyə 268 min), Belçika (251 864), Macarıstan (230 min) və Avstriya (203 min). Qeyd edək ki, 90-cı İtaliya Qran-Prisi bir həftəsonu ərzində 200 min tamaşaçı toplayıb.
2018-ci il mövsümü ilə müqayisədə gələnlərin sayında daha çox artım Monrealda (14,69 faiz), Şanxayda (10,34 faiz), Melburnda (9,86 faiz), Şpilberqdə (9,73 faiz), Budapeştdə (9,52 faiz) və Monsda (9,29 faiz) müşahidə edilib.
Təkcə bazar günlərində tamaşaçıların ümumi sayı 1 771 106 nəfər təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 4 faiz çoxdur. Beş trass yürüş günü 100 mindən artıq tamaşaçı qəbul edib: Silverstoun (141 min), Mexiko (138 435), Ostin (128 min), Sinqapur (115240), Spa (109 064) və Melburn (102 min).
Tamaşaçı auditoriyasının sayında ən sanballı artım (30 faiz) 1000-ci Qran-Prinin qeyd olunduğu Şanxay yürüşündə qeydə alınıb.
Formula 1-in kommersiya direktoru Şon Bratçes deyib: “2019-cu il Formula 1 üçün yaxşı il olub. Biz Qran-Pri həftəsonunda bir il əvvəlkindən daha çox - dörd milyondan artıq azarkeş görməyimizə şadıq.
Məqsədimiz insanlara planetimizdə ən yaxşı yürüşü nümayiş etdirmək, azarkeşlərə unudulmaz təəssürat bəxş etməkdir. Yerlərdə aparılmış tədqiqatlardan görünür ki, yarışa gələnlər yürüşdən zövq alıblar. Biz bunun davam etməsi üçün əlimizdən gələni edəcəyik. Odur ki, 2020-ci il mövsümünü səbirsizliklə gözləyirik”.