Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenumu keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının 2019-cu ilin yekunlarına həsr olunmuş plenumu keçirilib.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, plenumda ittifaqın sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov, nazirliyin Mərkəzi Aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Plenumda M.İsmayılovun Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının 2019-cu ildəki fəaliyyətinə dair geniş hesabat məruzəsi dinlənilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı təşkili istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənliklər təşkil edilib. 2 fevral - Azərbaycan Gəncləri Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlarda, həmçinin vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə idmanın 13 növü üzrə keçirilən yarışlara dəstək göstərilib.
Diqqətə çatdırılıb ki, FHN işçilərinin Həmkarlar İttifaqı hər il olduğu kimi, “Gənc xilasedici” VII beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyində, “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak edib, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək verib, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərib. Bundan əlavə, FHN-in Akademiyasında məzun buraxılışı və Bilik Gününə həsr olunmuş tədbirə də İttifaq tərəfindən dəstək göstərilib. Həmçinin FHN Akademiyasının Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” intellektual bilik yarışına da dəstək verilib.
Vurğulanıb ki, hər il olduğu kimi, bu il də İttifaqın fəaliyyətində əsgərlərlə görüş prioritet vəzifələrdən birini təşkil edib. İl ərzində Mülki Müdafiə Qoşunlarının Bərdədə və Qəbələdə yerləşən hərbi hissələrində, Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissənin ön cəbhədə xidmət aparan əsgərləri ilə görüş təşkil edilib. Tədbirlərdə FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.
Məruzəçi bildirib ki, dekabrın 12-13-də İttifaqın üzvü olan, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaşın ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzinə ziyarətləri təşkil olunub.
İl ərzində FHN işçilərinin Həmkarlar İttifaqının beynəlxalq əlaqələrini inkişaf etdirmək, beynəlxalq təcrübəni öyrənmək və təcrübə mübadiləsini yaratmaq məqsədilə bir çox işlər həyata keçirilib. Belə ki, ötən ilin noyabrında Belçikanın İctimai Xidmətlər üzrə Çoxkateqoriyalı Federasiyası ilə əməkdaşlığın yaradılmasına kömək göstərilməsi məqsədilə Belçikanın ölkəmizdəki səfirinin müşaviri Denis Naets ilə görüş keçirilib. Həmçinin həmin ərəfədə İttifaqın dəvəti ilə Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının nümayəndələri Bakıda qonaq olublar. İki ölkənin müvafiq həmkarlar təşkilatları arasında qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Hesabat məruzəsi dinlənildikdən sonra AHİK-in sədr müavini Cavanşir Alxasov çıxış edərək İttifaqın il ərzində gördüyü işlərə münasibətini bildirib, görülən işləri yüksək qiymətləndirib.
Sonda İttifaqın illik cari məsələləri müzakirə olunub.
Hesabat iclasından sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Pənah Məhərrəmovun 70 illik və FHN-in Aviasiya Dəstəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Kərimovun 60 illik yubileyləri münasibətilə onlara İttifaqın və AHİK-in fəxri fərmanları təqdim edilib.